Azərbaycanda ayı parçaladığı deyilən uşaq təcavüzə uğrayıb? – YENİLƏNİB

HADİSƏ


Oğuzda itkin düşmüş və meyiti tapılmış şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 9 radələrində yaşadığı evdən təxminən 2 km aralı meşəlik ərazidən keçən çayda aşkar edilib. 

Oğuz rayon Prokurorluğu və Oğuz Rayon Polis Şöbəsindən daxil olan birgə məlumatda bildirilib ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb. 

Baxış zamanı C.Məmmədlinin meyitinin baş nahiyəsində xəsarətlər aşkar edilib. 

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir. 

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

XXX

Oğuzun Xaçmaz kəndində meyiti tapılan 12 yaşlı oğlana təcavüz edilməsi barədə iddia yayılıb.

Bildirilir ki, oğlan suvarma üçün arxa su qoymağa gedərkən gənc kişi tərəfindən zorakılığa məruz qalıb. İddia olunur ki, saxlanılan var.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, məsələ ilə bağlı ilkin ekspertiza rəyi var:

“Uşaq vəhşi heyvanın hücumuna məruz qalıb”.

E.Zahidov söyləyib ki, uşağın təcavüzə məruz qalması və kiminsə saxlanılması barədə məlumatlar yalandır.

XXX

Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

Əlavə məlumat veriləcək.

Report

Paylaş